12 Noyabr 2022 09:05
57 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranda bəzi siyasətçilər Azərbaycana qarşı təzyiq siyasətini həyata keçirəndə düşünürdülər ki, Tehranın bu istiqamətdə fəaliyyəti Qərb tərəfindən dəstəklənəcək. Ən azı Zəngəzur məsələsi fonunda. İndi ABŞ Dövlət Departamentinin reaksiyası göstərir ki, Tehranda səhv düşünüblər. Bu, həm də onu deməyə əsas verir ki, Ermənistanın İranla bağlı siyasəti heç bir halda Qərb tərəfindən dəstəklənməyəcək. Üstəlik bu bəyanat erməni lobbisinin Konqresdəki fəaliyyətinə problem yaradacaq. Çünki nə qədər İran Ermənistanı dəstəkləyirsə, İrandan Ermənistanla bağlı dəstək bəyanatı səslənirsə, nə qədər çox Tehrana Ermənistan rəsmiləri səfər edirsə, habelə İran hərbi baxımdan Ermənistana nə qədər çox kömək etməyə hazırlaşırsa, Ermənistan Qərb siyasətinə zidd siyasət qurur və bu, ona problem yaradacaq”.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ Dövlət Departamentinin İranla bağlı Azərbaycana verdiyi dəstəyi şərh edərkən bildirib.

O xatırladıb ki, Dövlət Departamentinin məlum reaksiyası Azərbaycana açıq dəstəkdir.

Zülfüqarov diqqəti digər bir elementə çevirib: “İranın cənub sərhədlərinə baxaq. Orada da vəziyyət çox gərgindir. Bir həftə öncə bu bölgədə olan ABŞ hərbi qüvvələri döyüşə hazır vəziyyətə gətirilib. Bununla paralel Səudiyyə Ərəbistanının müdafiə sistemi də döyüş hazırlığına gətirilib. Eləcə də ABŞ və Səudiyyəyə məxsus 4 təyyarə daima Fars körfəzində kəşfiyyat-müşahidə uçuşları edir. Yəni orada vəziyyət gərgindir. Bu mənada aydındır ki, İrana şimal istiqamətində də gərgin yaratması çətindir və buna gücü çatmaz”.

Sabiq diplomat əlavə edib ki, vəziyyət sadə deyil, Binyamin Netanyahunun yenidən hakimiyyətə qayıtması təsadüfi deyil:

“Aydındır ki, Netanyahu İrana qarşı daima sərt mövqedən çıxış etməklə paralel aqressiv siyasətin tətbiq edilməsinin tərəfdarı olub. Həmçinin Türkiyənin Azərbaycanla eyni vaxtda öz sərhədində hərbi təlimlər keçirməsi də nəzərə alınmalıdır. Bu hadisələri təhlil edərkən görürük ki, vəziyyət heç də İran üçün sadə deyil.

Hələ mən İran daxilində olan prosesləri demirəm, halbuki 2 aya yaxındır, İranın müxtəlif şəhərlərində etiraz aksiyaları gedir, hökumət tənqid olunur. Bütün bu çətinliklər fonunda İranın Azərbaycana qarşı hansısa addım atması mümkün deyil”.


Müəllif: Nemət

Oxşar xəbərlər