Noyabrın 8-də ABŞ-da keçirilən aralıq seçkilərdən sonra qeyri-rəsmi nəticələrə görə, Arizona ştatında Senata seçkilərin qalibi demokrat Mark Kelli olub.
Teleqraf.com xəbər verir ki, respublikaçı rəqibi Bleyk Mastersi məğlub edən Kelli Senatdakı kreslosunu qoruyub saxlamağı bacarıb.
Beləliklə, Demokratlar Partiyası Senatda 49 yeri tutaraq Respublikaçılar Partiyasına çatıb.
Senatda hansı tərəfin üstün olacağı Nevada və Corciya ştatlarında seçkilərin nəticələrindən sonra bəlli olacaq.
Səslərin hesablanmasının davam etdiyi Nevada ştatında respublikaçı namizəd Adam Laksalt 821 səslə yarışa liderlik edir. Laksalt Nevada seçkilərində qalib gəlsə, Senatda vəziyyət 50-49 Respublikaçıların xeyrinə dəyişəcək.
Senat yarışında kritik önəm kəsb edən Corciya ştatında namizədlərdən heç biri 50 faizdən çox səs ala bilmədiyi üçün seçki yarışı dekabrın 6-da keçiriləcək ikinci tura qalıb.
Demokrat Rafael Uornok indiyədək 49.4 faiz, onun respublikaçı rəqibi Herşel Uoker isə 48.5 faiz səs toplayıb.
Demokratların Senatda üstünlüyünü qoruyub saxlaması üçün Neva və Corciyada qalib gəlməlidirlər. Respublikaçıların Nevadadakı üstünlüyünü nəzərə alsaq, Demokratların namizədi Corciyada qalib gəlsə, Senatda vəziyyət 50-50 olacaq.
Bununla belə, bərabərlik durumunda, ABŞ-ın vitse-prezidenti (Kamala Harris) Amerika qanunlarına əsasən istənilən səsvermədə səs vermək hüququna malikdir. Bu, Senatda tarazlığın yenidən Demokratların xeyrinə pozulmasını təmin edəcək.
Respublikaçılar da Nümayəndələr Palatasında olduğu kimi, hər iki ştatda qazanmaq və Senatda üstünlük əldə etmək istəyirlər.