ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Bill Börns Ukraynadan sonra Polşaya gedib.
Teleqraf.com xəbər verir ki, Polşa Milli Təhlükəsizlik Şurasının rəhbəri Yasek Severa verdiyi açıqlamada Prezident Anjey Duda və Börnsün paytaxt Varşavada görüşdüyünü bildirib.
“Prezident Duda Ankara və Kiyevi ziyarət etdikdən sonra Varşavada MKİ-nin rəhbəri Uilyam Börnslə görüşüb”, - Severa deyib.
O, son hadisələrlə yanaşı ümumi təhlükəsizlik vəziyyətinin də müzakirə edildiyini bildirib: “Bu gün Polşa-ABŞ xəttində çox iş var”.
Qeyd edək ki, noyabrın 15-də Polşa ərazisinə iki raket zərbəsinin endirilməsi müzakirə mövzusuna çevrilib. Ukrayna baş verənlərə görə Rusiyanı ittiham etsə də, qarşı tərəf bunu rədd edir. Polşa da raketin Rusiyadan atılmadığını açıqlayıb.