Çin lideri Si Cinpin Taylandda ABŞ-ın vitse-prezidenti Kamala Harris ilə görüşüb. Görüşdə qlobal məsələlərdə birgə işləmək, Çin-ABŞ münasibətlərini sağlam və sabit yola qaytarmaq üçün birgə irəliləyişlərin əldə edilməsinin vacibliyi vurğulanıb.
Teleqraf.com xəbər verir ki, Tailandın paytaxtı Banqkokda keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammitində kritik danışıqlar aparılır.
Si Cinpin Harrislə görüş zamanı ümidvar olduğunu bildirib ki, tərəflər qarşılıqlı anlaşmanı daha da inkişaf etdirmək, anlaşılmazlıq və yanlış hesablamaları azaltmaq, Çin-ABŞ münasibətlərini sağlam və sabit yola qaytarmaq üçün birgə irəliləyiş əldə edəcəklər.
Si Cinpin ABŞ-ın vitse-prezidenti Harrisin bu mövzuda müsbət rol oynayacağını gözlədiyini söyləyib. Bildirib ki, Balidə keçirilən G-20 Sammitində ABŞ prezidenti Co Baydenlə görüşü strateji və konstruktiv olub və Çin-ABŞ münasibətlərinə istiqamət vermək baxımından vacibdir.
Kamala Harris də Cinpin-Bayden görüşünü uğurlu adlandıraraq, ABŞ tərəfinin Çinlə qarşıdurma və ya münaqişə axtarmadığını vurğulayıb. Harris iki tərəfin qlobal məsələlərdə birgə işləməli və ünsiyyət xətlərini açıq saxlamalı olduğunu vurğulayıb.