Roma Papası Frensiskin noyabrın 28-də ABŞ-ın yezuit media orqanı “America”da dərc olunan müsahibəsində Rusiya-Ukrayna müharibəsi haqda danışarkən, çeçenlər və buryatlarla bağlı dediyi sözlər Moskva ilə Vatikan arasında münasibətlərin gərginləşməsinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Papa müsahibədə ukraynalıları “şəhid xalq” adlandırıb.
“Şəhidlər varsa, onları şəhid edənlər də var. Ukraynadan danışanda bu vəhşiliklərdən də danışıram, çünki gələn qoşunların zülmləri haqda da çox şey bilirəm. Ümumiyyətlə, ən qəddarları bəlkə də rus adət-ənənələrini mənimsəmiş çeçenlər, buryatlar və Rusiyadan olan bu kimilərdir, amma təbii ki, işğalçı Rusiya dövlətidir”, - Frensisk bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Papa Frensiskə reaksiya verib.
“Bu, artıq rusofobiya deyil, hansı səviyyədə olduğunu bilmədiyim bir təhrifdir. Yadınızdadırsa, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində bizə bunun əksini deyirdilər, deyirdilər ki, ruslar və slavyanlar Qafqaz xalqlarına zülm edirlər. İndi deyirlər ki, Qafqaz xalqları rusların yolu ilə gedir”, - Zaxarova vurğulayıb.
Çeçenistan Prezidenti Ramazan Kadırov da Papaya cavab verib.
“Dünya şöhrətli bir din xadiminin müsəlmanların düşmənə münasibətini bilməməsi ayıbdır. Bəli, biz vətənimizi, dinimizi, xalqımızı qorumaqda qərarlıyıq. Biz düşməni təslim olmağa və vətəndaşlarımızı müdafiə etmək üçün ayağa qalxmağa çağırırıq. Bu zülmdür?”, - Kadırov deyib.
O, Ukraynada döyüşən çeçenlərin dindar olduğunu, onların arasında bir nəfər də olsun alkoqol və ya narkoman olmadığını qeyd edərək, Papanın xarici medianın təbliğatının qurbanı olduğunu söyləyib.