“Rusiya İrandan “Fateh-110” və “Zülfüqar” ballistik raketlərini çoxdan almış ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, əgər İran Rusiyaya pilotsuz təyyarələr ötürməyə davam edirsə, raketlərin artıq Moskvaya çatdırıldığını rahatlıqla dilə gətirmək olar:
“Kim zəmanət verə bilər ki, ballistik raketlər alınmayıb və ya ötürülməyəcək? İndiki halda buna inanmamaq mümkün deyil”.
Ekspert istisna etmir ki, Kiyev bu gün səhər saatlarında yeni partiyadan olan “Şahid-136” kamikadze dronları ilə hücuma məruz qalıb.
“İran beynəlxalq təpkilərə baxmayaraq, Ukraynaya qarşı müharibədə rus terrorçularına dəstəyini davam etdirir. Əslində, İran Ukraynaya qarşı Rusiya ilə birgə mübarizə aparır və Kiyev də Tehrana qarşı eyni davranmalıdır”, - Kovalenko bildirib.
Eyni zamanda, ekspert əlavə edib ki, İranda “Şahid-136”lar kütləvi şəkildə istehsal edilmir: “Bir ay ərzində ən yaxşı halda əllə 50-yə qədər dron yığa bilirlər. Yeni partiya təxminən 100-150 kamikadze dronundan ibarət ola bilər”.