Dekabrın 15-də Polşada polis rəisinə Ukraynadakı həmkarlarından birinin verdiyi hədiyyə partlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, partlayış polis rəisinin kabinetinə bitişik otaqda olub. Nəticədə otağın tavanı uçub və Polşa polisinin komendantı general Yaroslav Şimçik xəsarət alıb.
“Komandirin bu il dekabrın 11-12-də Ukraynaya işgüzar səfəri zamanı Ukrayna polisi və Fövqəladə Hallar Xidmətinin rəhbərləri ilə görüşdüyü zaman aldığı hədiyyələrdən biri partlayıb. Bu, ukraynalı xidmət rəhbərlərindən birinin hədiyyəsi olub. Partlayış nəticəsində komandir yüngül xəsarət alıb və xəstəxanada müşahidə altındadır”, - Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Rəislə yanaşı, həmçinin, Baş Polis İdarəsinin əməkdaşı yüngül xəsarətlər alıb.
Daxili İşlər Nazirliyi əlavə edir ki, onlar artıq Ukrayna tərəfindən izahat tələb ediblər. Prokurorluq və aidiyyatı xidmətlər işə başlayıb.
Qeyd edək ki, Polşa mediasında hədiyyənin reaktiv qumbaraatan olduğu bildirilib və onun təsadüfən atəş açdığı barədə iddia irəli sürülüb.