“Yurd-yuvamızdan qovulanda, bizə qarşı soyqırımı törədiləndə BMT harada idi? Elə Naxçıvan Muxtar Respublikasında yaşayan 400 mindən çox insanın Azərbaycanla 30 ildən çoxdur əlaqəsi kəsilib. Daha doğrusu, Zəngəzurdan olan dəmiryolu və avtomobil yolu 30 ildir ki, ermənilər tərəfindən kəsilib. BMT bunu bilmir, kardır, kordur? Azərbaycan bu məsələni dəfələrlə qaldırıb, niyə müzakirə etmirlər və qərar vermirlər?”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O BMT kimi qurumun Laçın dəhlizində guya azərbaycanlıların yolu kəsməsin dair müzakirələrin aparılmasını əsassız saydığını bildirib.
Məmmədov deyib ki, Azərbaycan ekofəalları Laçın yolunda dinc aksiya keçirir.
Onun sözlərinə görə, heç kim yolu bağlamayıb: “Yolu bağlayan rus sülhməramlılarıdır. Onlar həm Laçın istiqamətində, həm də Xankəndi istiqamətində-ikitərəfli yolu bağlayıb. Hərbi texnikalarını yolun ortasında dayandırıblar. Bizim dinc aksiyaçılar yolun harasını bağlayıblar? Üstəlik hamımız baxırıq ki, sülhməramlı deyilən hərbi kontingentin sutkanın 24 saatı ermənilərə yük daşıyırlar. Biz heç bilmirik ki, bu yük maşınlarının içində ermənilərə nələr daşınır. Hansı cinayətkarları o tərəfə, bu tərəfə daşıyırlar. Eləcə də İranın Ermənistana verdiyi 600 raketdən neçəsini daşıya bilərlər. Biz bunları bilmirik.
İkincisi, rus sülhməramlıları gələn gündən silah-sursat daşımaqla məşğuldur. Çox canfəşanlıq edirlər. Qoymurlar ermənilər orada əziyyət çəksin. Xəstələr, qocalar, ərzaqlar daşınır. Bizdə sivil aksiya keçiririk, buna maneə olmuruq. Bütün bunları humanitar kömək adı altında edirlər. Amma həmişə humanitar ad altında rusların nə daşıdığını daima görmüşük.
Odur ki, BMT-nin bu mövzuda müzakirələrində məntiq görmürəm”.