Anqolanın keçmiş prezident Xose Eduardo dos Santosun qızı İzabel dos Santosun və ortaqlarının dövlətdən korrupsiya yolu ilə ələ keçirdiyi 1 milyard dollarlıq əmlakı müsadirə edilib.
Teleqraf.com xəbər verir ki, qərarı Anqola Ali Məhkəməsi verib.
Afrikanın ən zəngin qadını olan Santos haqqında həbs qərarı çıxarılıb. Məhkəmə qərarında Santos və ortaqlarının əlində olan “Embalvidro” və “UNITEL T+” şirkətlərinin hamısına, “Upstar Comunicaçoes” və “MSTAR” şirkətlərinə 70 faizinə həbs qoyulması tələb edilib.
Qərarda Santosun dövlət kapitalı ilə qurulan şirkətlərə nəzarət etdiyi və oradakı pulları xaricdəki şirkətlərə köçürdüyü bildirilib.
Anqola məhkəməsi 2019-cu ildə Santosun 1,1 milyard dollarlıq aktivinə həbs qoyub.
Anqolanın baş prokuroru Helder Pitta Qroz ötən ay istintaq çərçivəsində daha əvvəl dəfələrlə ifadə verməyə çağırılan Santos haqqında həbs qərarı verildiyini və İnterpola müraciət etdiklərini açıqlamışdı.
Santos daha əvvəl ona qarşı irəli sürülən ittihamları rədd edib və İngiltərənin paytaxtı Londonda yaşadığını və gizlənmədiyini bildirib.
Təxminən 30 milyon əhalisi olan Anqola qitənin ikinci ən böyük neft istehsalçısıdır.
İzabel dos Santosun atası Xose Eduardo dos Santos 38 il Anqolanı təkbaşına idarə edib.