31 Dekabr 2022 14:20
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya hökuməti Venesuela Prezidenti Nikolas Maduronun və bəzi yüksək səviyyəli diplomatların ölkəyə girişini qadağan edən qərarını ləğv edib.

Teleqraf.com xəbər verir ki, 2019-cu ildən bəri qüvvədə olan qadağanın ləğvi ilə bağlı qərarı ədliyyə nazirinin müavini Antonio Ramirez Lorenzo və xarici işlər naziri Karlos Alberto Franko França imzalayıb.

Hökumətin bu qərarı ilə Maduro Braziliyada keçirilən prezident seçkilərində qalib gələn və yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində iştirak edə biləcək.

Maduronun ölkəyə girişinə qadağa qoyulması qərarı Braziliya Prezidenti Jair Bolsonaro 2019-cu ildə Venesuela müxalifətinin lideri Xuan Quaydonu “legitim lider” kimi tanıdıqdan sonra qəbul edilib.

2013-cü ildə vəfat edən Venesuelanın keçmiş lideri Uqo Çaveslə yaxın dostluq münasibətləri olan Silvanın Maduro hökuməti ilə də oxşar münasibəti olduğu düşünülür.

Braziliyanın yeni xarici işlər naziri olacağı gözlənilən Mauro Vyera da açıqlamasında ölkəsinin yanvarın 1-dən etibarən Venesuela ilə münasibətləri normallaşdıracağını bildirib.

Maduro dekabrın 25-də verdiyi açıqlamada Braziliya ilə 2019-cu ildə pisləşən münasibətləri normallaşdırmaq üçün bu ölkəyə səfir təyin edilməsinə qərar verildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər