Almaniya hökumətinin əsas qanadını təşkil edən Sosial Demokrat Partiyası (SPD) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçilik səylərini yüksək qiymətləndirir.
Teleqraf.com xəbər verir ki, SPD-in Bundestaqdakı fraksiyasının rəhbəri Rolf Mützeniç Ərdoğan və BMT-nin Ukrayna ilə Rusiya arasındakı vasitəçilik səylərinin çox önəmli olduğunu deyib.
Ukrayna və Rusiya müharibəsində sülhün hələ çox uzaqda olduğunu bildirən Mützeniç savaşın necə bitəcəyini və atəşkəsin necə əldə ediləcəyinin maraqlı olduğunu söyləyib.
“Sülh nə qədər uzaqdır” sualına siyasətçi “Moskva hələ atəşkəs və sülh istəmir” cavabını verib və qeyd edib ki, Prezident Ərdoğan və BMT baş katibi Antonio Quterreşin diplomatik səyləri önəmlidir:
“Moskva hazırda atəşkəs və sülh istəmir. Bununla belə, Türkiyə Prezidenti Ərdoğanın, BMT baş katibi Quterreşin və beynəlxalq təşkilatların diplomatik kanallarla taxıl məhsullarının daşınması, əsirlərin dəyişdirilməsi və atom elektrik stansiyalarının mühafizəsi ilə bağlı addım atmaları və bunların həyata keçirilməsi çox vacibdir. Bu yolu qətiyyətlə davam etdirməliyik. Diplomatiya sözünü işlədəndə bəzən verilən təpkilərə heyrətlənirəm. “Bu, Putinə qarşı sövdələşmə gücünü azaldır” deyilir, heç də belə deyil. Diplomatiya sonrakı danışıqlara yol açır".