“Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası parlamentdəki fəaliyyətini dayandırır və fövqəladə vəziyyət rejiminə keçir”.
Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın yeni sədri Levan Xabeişvili brifinqdə bildirib.
Sabiq prezident Mixail Saakaşvilini həbsdə saxlayan Tiflis məhkəməsinin qərarından sonra Xabeişvili hakim partiyaya müraciət edərək deyib: “Qayğısız həyatınız bitdi”.
Onun sözlərinə görə, Gürcüstanın üçüncü prezidentinin həyatı təhlükə altında olduğu üçün Vahid Milli Hərəkatın hakim “Gürcü Arzusu” Partiyası ilə oyun oynamağa vaxtı yoxdur.
Xabeişvili Tiflisin etirazların mərkəzinə çevriləcəyini açıqlayıb və sabah paytaxtda fəaliyyət planı hazırlamaq üçün bölgələrdən partiya nümayəndələrini gözlədiyini bildirib.
Yanvarın sonunda keçirilən partiyadaxili seçkilər nəticəsində Levan Xabeişvili VMH-in sədri olub. O, müxalifətin Saakaşvili ilə bağlı qətiyyətsizlik və fəaliyyətsizlikdə ittiham etdiyi Nika Meliyanı əvəz edib.