Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ictimaiyyətini zəlzələdən zərər çəkmiş Türkiyə və Suriya sakinlərinə sağlamlıq dəstəyi göstərmək üçün təcili olaraq 84,5 milyon dollar ayırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın cümə günü axşam saatlarında Cenevrədə yayılan press-relizində qeyd edilib.
Bildirilir ki, söhbət xüsusən həyati vacib dərman və tibbi ləvazimatların tədarükündən gedir.
“ÜST Türkiyə və Suriya Ərəb Respublikasında baş verən zəlzələdən sonra səhiyyə ehtiyacları üçün təcili olaraq 84,5 milyon dollar ayırmağa çağırıb”, - press-relizdə vurğulanır.
Təşkilatdan bildirilib ki, ÜST-ün çağırışına "həyati vacib xilasedici dərmanların və digər tibbi ləvazimatların çatdırılması, ehtiyacı olanlar üçün zəruri tibbi xidmətlər və ləvazimatlar təqdim etmək üçün təcili tibbi yardım qrupları şəbəkəsinin işə salınması" daxildir.
Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində doqquz saat fasilə ilə 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib və respublikanın 10 vilayətində genişmiqyaslı dağıntılara və fəlakətlərə səbəb olub. Zəlzələdən sonra baş verən yüzlərlə yeraltı təkan qonşu ölkələrdə də hiss olunub. Təbii fəlakət zamanı Türkiyədə 40 minə yaxın adam ölüb, 105,5 mindən çox adam isə yaralanıb.