Əfqanıstandakı səfirliklərini Talibana təhvil verən ölkələrin sayı İranla birlikdə 5-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Taliban hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qəhhar Bəlxi açıqlama verib.
Bəlxi Əfqanıstanın Tehrandakı səfirliyinə yeni müvəqqəti işlər vəkili və diplomatların təyin edildiyini və səfirliyin fəaliyyətinin bu formada davam etdiriləcəyini bildirib.
Əfqanıstanın Tehran səfirliyindəki diplomatlar isə sonuncu xatirə şəkli çəkdirərək səfirliyi boşaldıblar.
Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri ötən il Talibana təhvil verilmişdi.
Dünyanın digər ölkələrində qalan Əfqanıstan səfirliklərində keçmiş hökumət (Əşrəf Qəni) tərəfindən təyin edilmiş diplomatlar fəaliyyət göstərir.
Dünyanın heç bir ölkəsi indiyədək Talibanı rəsmən tanımayıb.
Taliban Əfqanıstanda hakimiyyəti 2021-ci il avqustun 15-də ələ keçirib.