“Ermənistan üçün kifayət qədər maraqlı və qeyri-adi vəziyyət yaranıb. Müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Ermənistan və Rusiya barrikadaların əks tərəflərində dayanıblar”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Avropa İttifaqının (Aİ) uzunmüddətli müşahidə missiyasının (EUMA) Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi həm Rusiya, həm Azərbaycan, həm də Qərb platformalarında müzakirə mövzusu olmaqda davam edir. Bu, bütün Cənubi Qafqaz və bu kontekstdə Ermənistan üçün kifayət qədər maraqlı vəziyyət yaradır. Deyə bilərik ki, Qərbin Cənubi Qafqazda mövqeyi güclənir.
Üstəlik, söhbət təkcə Aİ-dən deyil, həm də ABŞ da daxil olmaqla, bütün komponentləri və əsas oyunçuları ilə ümumilikdə şərti “Qərb” adlı geosiyasi düşərgədən gedir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən Əliyev-Paşinyan, eləcə də digər görüşlər barədə tez-tez danışması təsadüfi deyildi. Bu, tarixdən həmişə bu regionda olmuş Rusiyanı qəzəbləndirir”, - nəşr bildirir.
Nəşrə görə, Rusiya üçün 50-100 silahsız müşahidəçi böyük problem deyil, amma bu, onun Cənubi Qafqazdakı mövcudluğuna və maraqlarına ciddi zərbə vura bilər:
Qəzet yazır ki, Aİ-nin Ermənistana mülki missiya göndərməsi bölgədə Rusiya-Qərb münasibətlərini misli görülməmiş həddə kəskinləşdirib.
“Ermənistan üçün kifayət qədər maraqlı və qeyri-adi vəziyyət yaranıb. Müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Ermənistan və Rusiya barrikadaların əks tərəflərində dayanıblar. Əvvəllər belə bir şey olmayıb. Ermənistan həmişə Rusiyanın təsir dairəsində olub. Niyə belə olduğu anlaşılandır, çünki bu, Qarabağ münaqişəsindəki keçmiş status-kvo ilə bağlıydı. Bu dəyişdikdən sonra vəziyyət tamam başqa hal alıb”.
“Hraparak” Ermənistan üçün vəziyyətin həddindən artıq mürəkkəb olduğunu bildirir və qeyd edir ki, bu fonda Rusiya və Azərbaycan bir-birinə daha yaxın görünür, nəinki Ermənistan və Rusiya.