Keçmiş Afrika koloniyaları üzərində Parisin qeyri-rəsmi qəyyumluğunu nəzərdə tutan “Fransız Afrikası” (Franceafrique) siyasəti yerini yeni balanslaşdırılmış tərəfdaşlığa verir.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Qabona səfəri zamanı bildirib.
“Bizim Qabonda ortaq tariximiz var və bunu gizlətməyək. “Fransız Afrikası” dövrü başa çatdı”, - Fransa lideri deyib.
Makronun sözlərinə görə, tez-tez artıq mövcud olmayan niyyətlərin Fransaya aid edildiyini eşidir, amma bu, artıq yoxdur. O, Parisin Qabonun daxili siyasətinə təsir göstərməyə çalışmadığına və bu səfərinin yalnız ölkəyə və onun xalqına dostluğunu və hörmətini göstərmək məqsədi daşıdığını iddia edib.
Makron əlavə edib ki, ümumi mənafe naminə müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələri qurmaq niyyətindədir: iqtisadiyyat, sənaye, ekologiya və sair.
“Fransız Afrikası” - Fransanın keçmiş müstəmləkələri və ya bəzi Afrika dövlətləri üzərində qeyri-rəsmi qəyyumluq sistemidir. 1960-cı illərdə müstəmləkə sisteminin dağıdılmasından sonra formalaşıb. İkitərəfli razılaşmalar nəticəsində Fransa həm Afrikanın mineral ehtiyatlarını, həm də yerli bazarları mənimsəmək üçün "müstəsna hüquq" əldə edib.