Səudiyyə Ərəbistanı may ayında Ər-Riyadın ev sahibliyi edəcəyi Ərəb Liqasının sammitinə Suriya Prezidenti Bəşər Əsədi dəvət etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “Röyter” agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb.
Mənbə qeyd edir ki, səfər reallaşarsa, bu, Dəməşqə və Əsəd rejiminə qarşı regional təcridin rəsmən sona çatması demək olacaq.
Səudiyyə Ərəbistanı xarici işlər naziri Fəysal bin Fərhanın Əsədə mayın 19-da keçirilməsi planlaşdırılan sammitlə bağlı rəsmi dəvətnamə təqdim etmək üçün yaxın həftələrdə Dəməşqə gedəcəyi bildirilir.
Səudiyyə Ərəbistanı hökuməti və hər iki ölkənin xarici işlər nazirlikləri iddiaya münasibət bildirməyib.
Ərəb Liqası baş katibinin sözçüsü Camal Rüşdi isə təşkilatın ərəb ölkələri arasında ikitərəli səviyyədə atılan hər addımdan xəbərdar olmadığını deyib: “Sözügedən səfərlə bağlı bizə əvvəlcədən məlumat verilməsinə ehtiyac yoxdur”.
Bəşər Əsədin Ərəb Liqasının sammitində iştirakı Suriyanın 2011-ci ildə təşkilatdan çıxarılmasından sonra ərəb dünyasında reputasiyasını bərpa etməsi baxımından ən mühüm gəlişmə kimi qiymətləndirilir.
Əsəd vətəndaş müharibəsinə səbəb olan etirazlar və etirazçılara qarşı atdığı addımlara görə bir çox Qərb və ərəb ölkələri tərəfindən boykot edilib. Ekspertlərin fikrincə, Suriyanın 22 üzvlü təşkilata qayıtması böyük ölçüdə simvolik xarakter daşısa da, bu, ölkə daxilindəki müharibəyə regional yanaşmanın dəyişməsini əks etdirmək baxımından önəmlidir.
Bir çox xarici qüvvələrin iştirak etdiyi və ölkəni parçalanma həddinə çatdıran müharibədə indiyədək yüz minlərlə insan həyatını itirib.
Ötən ay bəzi mənbələr Ər-Riyad və Dəməşqin Ramazan ayından sonra səfirliklərini yenidən açmaqla bağlı razılaşdıqlarını iddia etmişdilər.
Başqa bir mənbəyə görə, Fəysalın Dəməşqə və ya Suriya xarici işlər naziri Fəysal Mikdadın Ər-Riyada səfərləri ilə bağlı ilk danışıqlar baş verən zəlzələlər səbəbindən gecikib.