Rusiyanın daxili təhlükəsizliklə bağlı məxfi məlumatlarının Ukraynanın xeyrinə sızması səbəbindən Federal Təhlükəsizlik Xidməti (FSB) daxili orqanlarda genişmiqyaslı təmizləmə aparır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Məlumata görə, FSB və Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Xidmətinin Baş İdarəsi son bir neçə həftə ərzində Moskvanın Mərkəzi Polis İdarəsində və bir neçə digər polis qurumlarında kütləvi yoxlamalar aparır.
FSB və DİN istintaq çərçivəsində artıq çoxlu sayda polis əməkdaşlarını saxlayıb. İddiaya görə, onlar Ukrayna vətəndaşlarına məlumat ötürüblər.
FSB və DİN-in Moskvada keçirdiyi reydlər Rusiya Qvardiyasının (Rosqvardiya) rəhbərliyində təmsil olunan bir sıra nüfuzlu simaların həbsləri və ya işdən çıxarılması fonunda keçirilir.
Eyni zamanda, analitiklərin fikrincə, Rusiya hakimiyyəti Kremldə şübhə yaradan məmurların ölkədən çıxmasının qarşısını almaq və daxili təhlükəsizlik orqanları üzərində nəzarəti daha da gücləndirmək üçün daxili təhlükəsizlik aparatında əsaslı yenidənqurma aparmaq məqsədilə belə həbslər və araşdırmalarda israr edə bilər.