9 May 2023 12:51
6 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın mövqeyi belədir ki, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması ilkin şərtsiz olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Ümid edirik ki, bu münasibətlər ilkin şərt olmadan tənzimlənəcək”, - Ermənistan rəsmisi bildirib.

Qriqoryan Türkiyə xarici işlər naziri Çavuşoğlunun İrəvanda “Nemesis” terrorçularının “şərəf”inə qoyulmuş bədnam abidənin götürülməsi tələbinə də cavab verib: “Bu, Ermənistanın daxili məsələsidir və heç kimin bu məsələlərə qarışmağa haqqı yoxdur”.

O, hökumətin heykəli götürüb-götürməyəcəyi ilə bağlı suala dəqiq cavab verməyib: “Bu məsələlər yerli özünüidarəetmə (bələdiyyə) sahəsindədir, mənim bununla bağlı deməyə sözüm yoxdur”.

Türkiyə bədnam abidənin qoyulmasından sonra hava məkanını Ermənistana bağlayıb. Bundan sonra xarici işlər naziri Çavuşoğlu abidənin götürülməsini tələb edib və xəbərdarlıq edərək bildirib ki, müvafiq tədbir görülməsə, adekvat cavab veriləcək.

“Nemesis” əməliyyatı “Daşnaksütyun” terror təşkilatının ötən əsrin əvvəllərində Azərbaycan və Osmanlıya qarşı keçirdiyi terror aksiyasıdır. O dönəmdə erməni terrorçular tərəfindən qətlə yetirilən şəxslərin arasında həm də Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər