9 May 2023 16:27
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu qərar birliyə üzv olan bütün ölkələrin Suriyadakı rejimlə əlaqələrini normallaşdırdığı anlamına gəlmir”.

Teleqraf.com xəbər verir ki, Suriyanın Ərəb Liqasına qaytarılması qərarı ilə bağlı açıqlama verən Ağ Evin sözçüsü Karin Jan-Pyer belə deyib.

Jan-Pyer tərəfdaşlarının humanitar yardımın çatdırılması, qaçqınların təhlükəsiz geri qayıtması, İŞİD-lə mübarizə və Suriya böhranının həlli kimi mövzularda irəliləyiş əldə etmək üçün birbaşa Əsəd rejimi ilə əlaqə qurmaq planları barədə ABŞ-a məlumat verdiklərini bildirib.

Ağ Evin sözçüsü Əsəd rejiminin ölkəsindəki böhranın həlli üçün lazımi addımları atmaq istəyinə şübhə ilə yanaşdıqlarını, digər tərəfdən də son hədəflərdə tərəfdaşları ilə həmrəy olduqlarını söyləyib.

“Biz tərəfdaşlarımıza açıq şəkildə bildiririk ki, Əsəd rejimi ilə münasibətləri normallaşdırmayacağıq və sanksiyalarımız tam qüvvədə qalacaq”, - Jan-Pyer vurğulayıb.

Ərəb Liqası Suriyadakı vətəndaş müharibəsi səbəbindən 2011-ci ildə Əsəd rejiminin birliyə üzvlüyünü dayandırmışdı. Liqaya üzv ölkələrin xarici işlər nazirləri mayın 7-də Misirdə keçirilən toplantıda Suriyanın birliyə qaytarılması ilə bağlı razılığa gəliblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər