10 May 2023 20:57
3 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvanda terrorçulara abidənin qoyulması Ermənistan-Türkiyə normallaşma prosesini əngəlləyib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan-Türkiyə münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“Aprelin 25-də İrəvanda “Nemesis” terrorçularına qoyulan abidə Ermənistan-Türkiyə münasibətlərində gərginlik yaradıb. Halbuki iki ölkə arasında danışıqlarda irəliləyiş əldə edilmiş və İrəvan sərhədin açılmasına ümidliydi. Ancaq məlum abidə normallaşma prosesini əngəlləyib. Ankara dialoqun uğurla davam etməsi üçün İrəvandan həmin abidənin götürülməsini tələb edib.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bildirib ki, abidənin qoyulması ölkəsinin daxili işidir. Yəni götürməyəcəklərinə işarə edib.

İkinci Qarabağ Müharibəsindən sonra Bakıda Hərbi Qənimətlər Parkının salınması və orada erməni hərbçilərinin maketlərinin yerləşdirilməsi də Azərbaycanın daxili işi idi. Ancaq İrəvanın bundan şikayət etmədiyi, donos yazmadığı beynəlxalq təşkilat və dövlət qalmadı. Həmin maketləri yenidən parka qaytarmaq lazımdır, nə zaman onlar “Nemesis” abidəsini ləğv edərlər, biz də maketləri yığışdırarıq.

Unutmayaq ki, erməni terrorçuları 100 il əvvəl Azərbaycanın da tanınmış siyasi xadimlərini qətlə yetiriblər”.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bədnam abidənin götürülməyəcəyi təqdirdə adekvat cavab verəcəklərini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər