Kreml sözçüsü Dmitri Peskov Rusiyanı Türkiyənin daxili işlərinə qarışmaqda ittiham edən CHP-dən prezidentliyə namizəd Kamal Kılıçdaroğluna cavab verib.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi bu iddianın yanlış olduğunu söyləyib.
“Dəfələrlə bildirmişik ki, biz başqa ölkələrin daxili işlərinə, seçki proseslərinə qarışmırıq və bunda israr edirik. Rəsmi olaraq bəyan edirik ki, heç bir müdaxilə ola bilməz. Kimsə Kılıçdaroğluna belə bir məlumat veribsə, yalançıdır”, - Peskov deyib.
Kremlin sözçüsü əlavə edib:
“Türkiyə ilə ikitərəfli əlaqələrimizi çox yüksək qiymətləndiririk, çünki Türkiyə indiyə qədər qarşılaşdığımız bütün regional və qlobal məsələlərdə çox məsuliyyətli, suveren və düşünülmüş mövqe nümayiş etdirib”.
Peskov ikitərəfli əlaqələrə önəm verən bir ölkənin öz tərəfdaşına qarşı heç nə etmədiyini vurğulayıb.
Peskov Kılıçdaroğluna ABŞ-dakı prezident seçkiləri ilə bağlı Rusiyanın iddialarını xatırlamağı tövsiyə edib:
“ABŞ-da bütün hökumət və administrasiya uzun müddət Rusiyanın müdaxilə etdiyini iddia etdi, sonra istintaqa on milyonlarla dollar xərclədilər və sonda heç bir müdaxilə olmadığı qənaətinə gəldilər”.
Kamal Kılıçdaroğlu bundan əvvəl Rusiyanı seçkilərdən çəkilən Məmləkət Partiyasının sədri Məhərrəm İncəni seks kaseti ilə şantaj etməkdə günahlandırıb. CHP sədri Rusiyanı Türkiyənin daxili işlərinə qarışmamağa da çağırıb.