13 May 2023 11:43
4 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əks-hücuma keçən Ukrayna ordusu Baxmutun şimal-qərbində müəyyən uğurlar əldə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Analitiklər internetdə yayılan geolokasiya görüntülərinə istinad edirlər. Bu kadrlarda Ukraynanın artilleriya atəşindən qaçan rus qoşunlarının Baxmutdan təxminən 4 km şimal-qərbdə, Berxov su anbarının cənub sahilində olduğu görünür.

“Bu kadrlar bir sıra Rusiya mənbələrinin Ukrayna qüvvələrinin Baxmutdan şimal-qərbdə Boqdaniv və Berxov arasındakı ərazidə irəliləyiş əldə etdiyi barədə dediklərini əyani şəkildə təsdiqləyir”, - ISW bildirir.

Rusiya tərəfdən də rusların qonşu mövqelərdən - Qriqoriv və adıçəkilən su anbarından bir qədər şimal-qərbdə yerləşən Dubovo-Vasiliv arasında geri çəkildiyi barədə xəbərlər var.

Dünən Rusiya Müdafiə Nazirliyi etiraf edib ki, rus Silahlı Qüvvələrinin bölmələri Baxmut yaxınlığında “yenidən qruplaşdırılıb” və “daha sərfəli xətt”i tutublar. Söhbət Berxov su anbarından gedir. “Vaqner” lideri Yevgeni Priqojin “yenidən qruplaşma”nı “əsl qaçış” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər