Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana mayın 28-nə təyin edilmiş seçkilərin ikinci turunda qələbə arzulayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısı tviterdə paylaşımında bildirib.
Belə ki, Orban Türkiyə liderinə telefonla zəng edərək onu ilk turdakı uğuruna görə təbrik edib və prezidentlik postunu qoruyub saxlayacağına əminliyini ifadə edib.
"İkinci turda uğurlar, Prezident! A! Güclü və sabit Türkiyə Macarıstan, Avropa və dünya üçün yaxşıdır”, - Orban qeyd edib.
Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Rəsmi nəticələrə görə, Ərdoğan 49,51 faiz, müxalifət lideri Kamal Kılıçdaroğlu 44,88 faiz, “Ata” siyasi blokunun nümayəndəsi Sinan Oğan 5,17 faiz səs toplayıb. Birinci turda qalib gəlmək üçün namizəd seçicilərin 50%-dən çoxunun dəstəyini toplamalı idi, bu səbəbdən səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Sadə səs çoxluğu qələbəni təmin edəcək.