“Azad Rusiya” Legionu və “Rusiya Könüllülər Korpusu”nun hərbçiləri Rusiyanın Belqorod vilayətində əməliyyat keçirirlər. Məqsəd Ukraynanın mülki əhalisini qorumaq üçün təhlükəsizlik zonası yaratmaqdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.
Onun sözlərinə görə, əməliyyat Rusiya vətəndaşları tərəfindən həyata keçirilir.
“Bu gün Rusiya vətəndaşlarından ibarət “Rusiya Könüllülər Korpusu” və “Azad Rusiya” legionu Belqorod vilayətinin ərazilərini qondarma Putin rejimindən azad etmək, düşməni geri çəkmək və Ukrayna vətəndaşlarının müdafiəsi üçün müəyyən təhlükəsizlik zonası yaratmaq üçün əməliyyata başlayıb”, - Yusov deyib.
Rusiyanın Teleqram kanalları Belqorodda baş verən hadisələrə görə “ukraynalı diversantlar” və ya “partizanlar”ın adları çəkilir.
Dünən Belqorod vilayətinin qubernatoru Qladkov bildirmişdi ki, Qolovçino kəndində inzibati binaya hücum edilib, ora kvadrokopterlə vurulub.
Həmin gün Teleqram kanalları da “ukraynalı diversantlar”ın Belqorod vilayətində sərhədi yarmağa çalışdığı barədə məlumat yaymağa başlayıb. Bu gün səhər saatlarında isə yuxarıda adı çəkilən qrupların döyüşçüləri Belqorod vilayətində nüvə silahı anbarının yaxınlığında yerləşən Rusiyanın “Qrayvoron” keçid məntəqəsinin mühasirəyə alındığını açıqlayıblar.
Məlumata görə, artıq “Rusiya Könüllülər Korpusu”nun döyüşçüləri Bryansk və Belqorod vilayətlərinə daxil olublar.