Mayın 28-də Türkiyədə keçirilən ikinci tur seçkilərinin nəticələri bəllidir. Hakimiyyətə gəldikdən bəri yoluna məğlubiyyətsiz davam edən Prezident Rəcəb Tayyib Ərdoğan növbəti qələbəni aktivinə yazıb.
Teleqraf.com xəbər verir ki, seçkilərin nəticələri dünya mediasında əks-səda doğurub.
Yunanıstanın “Ta Nea” qəzeti “Türkiyədəki seçkilərdən alınacaq 5 dərs” başlığı ilə diqqətçəkən bir təhlil dərc edib. Heç bir böhranın Ərdoğanı diz çökdürə bilməyəcəyinin ifadə olunduğu təhlildə “məğlubedilməz Ərdoğan” vurğusuna yer verilib.
Təhlildə dünya mətbuatında Ərdoğan üçün ən yaxşı ifadənin “məğlubedilməz prezident” olduğu bildirilib.
Yunan nəşri Almaniyanın “Welt” qəzetinin bu cümlələrinə də yer verib.
“Ərdoğanın hakimiyyəti ilə bağlı ən uğurlu şərh “Welt”-dən gəlib: “Gözünü növbəti savaşa dikməsəydi, Ərdoğan Ərdoğan olmazdı. Qələbə nitqində artıq gələn il keçiriləcək bələdiyyə seçkiləri üçün təbliğat aparırdı. Üzünü kütləyə tutub hayqırdı: “İstanbulu qazanmağa hazırıqmı?”, - məqalədə deyilib.
Təhlildə cəmiyyətin iqtidarla bağlı problemlərdən xəbərdar olduğu, amma daha yaxşı işləyəcək müxalifətə inanmadıqları üçün Ərdoğanı seçdiyi bildirilir.
AKP-nin 1999-cu il zəlzələsindən sonra hakimiyyətə gəldiyini yazan qəzet tarixin tərsinə getmədiyi, fevral zəlzələlərindən sonra Ərdoğanın zəlzələ bölgəsindən yüksək səs aldığını vurğulayıb.