31 May 2023 11:20
3 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Baş naziri Ulf Kristersson PKK başda olmaqla bütün terror təşkilatlarını lənətlədiklərini, bu çərçivədə Türkiyə ilə anlaşaraq, yeni terror qanunu qəbul etdiklərini və ən qısa zamanda NATO-ya üzv olmaq istədiklərini bildirib.

Teleqraf.com xəbər verir ki, baş nazir NATO üzvlüyünə müraciət prosesinin bir hissəsi olaraq terrorla mübarizədə addımlar atdıqlarını söyləyib.

Kristersson yeni qanunun bu həftə qüvvəyə minəcəyini deyib: “Yeni qanun bizim daha güclü müttəfiq olduğumuzu sübut etməyə kömək edəcək”.

Baş nazir İsveçin NATO üzvlüyünün 5 həftə sonra alyansın Vilnüsdə keçiriləcək sammitində ciddi qəbul edilməsinin lazım olduğunu vurğulayıb: “Ötən ilki sammitdən bəri 29 müttəfiq İsveçin üzvlüyünü ratifikasiya edib. Yalnız Türkiyə və Macarıstan qalır. İsveç Türkiyə ilə terrorla mübarizə mövzusunda razılaşma əldə edib”.

Kristersson yeni terrorla mübarizə qanununda terror təşkilatına qoşulma, onu təbliğ etmə və dəstəkləmənin qeyri-qanuni sayılacağını bildirib:

“İsveç Türkiyəyə və onun milli təhlükəsizliyinə qarşı təhdidlərə qarşı Türkiyənin yanındadır və PKK başda olmaqla bütün terror təşkilatlarını pisləyir. Terrorizm cəmiyyətlərimiz üçün çox ciddi təhlükədir”.

Baş nazir yeni qanunda cəzaların sərt olacağına diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər