5 İyun 2023 21:42
3 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Ermənistan arasında sülh üzrə yekun sazişin mətni ABŞ-ın vasitəçiliyi ilə hazırlanacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun iddiasına görə, xarici işlər nazirlərinin növbəti Vaşinqton görüşündə yekun mətn razılaşdırılacaq:

“İndiyədək sülh müqaviləsinin mətnini Ermənistanın irəli sürdüyü qəbuledilməz təkliflərə görə razılaşdırmaq mümkün olmur. Nikol Paşinyan danışıqlarda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi” məsələsini qabartmağa və sazişə salmağa çalışır. Amma yekun mətndə bu məsələ yer almayacaq. Həmçinin prosesi ləngidən bir məsələ də İrəvanın anklavlarla bağlı mövqeyi və qoşunların sərhədlərdən “güzgü prinsipi” ilə bağlıdır. Verdiyi vədləri birinci elə Ermənistanın özü yerinə yetirmir. Bunlar da sülh müqaviləsinin bağlanmasını gecikdirir.

ABŞ sazişin tezliklə imzalanmasında maraqlıdır. Bu baxımdan ABŞ-dan Ermənistana təzyiq olunduğu istisna deyil. Ermənistan siyasətində dəyişikliyə gedən ABŞ İrəvanın əsassız iddialarından geri çəkilməsinə nail olmağa çalışır. Təsadüfi deyil ki, nazirlərin mayda Vaşinqtonda dördgünlük müzakirələrindən sonra Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etdi. İndi xarici işlər nazirlərinin növbəti görüşündən sonra Ermənistan baş naziri bunu rəsmən, sənəd üzərində də qəbul edə bilər. Sülh müqaviləsinin ilin axırına kimi imzalanacağını düşünürəm”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, artıq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan da “Qarabağın statusu”nun müzakirə edilmədiyini, ilin axırına kimi müqavilənin bağlanmasının mümkün olduğunu vurğulayıblar:

“Bu baxımdan Mirzoyanın açıqlaması daha diqqətçəkəndir. O bildirdi ki, İrəvan Qarabağ ermənilərinin gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almayıb, buna görə də onların “status”unu müəyyən etməyə hüququ yoxdur. Qənaətimə görə, sülh prosesində ciddi irəliləyiş var. Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət edilməsi də sülh üçün qapının aralandığını göstərə bilər. Ankarada Prezident İlham Əliyevlə Paşinyanın qeyri-rəsmi görüşü də müsbət atmosferdə keçib. Türkiyənin paytaxtında müəyyən məsələlərin razılaşdırıldığı istisna deyil”.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda iyunun 12-də görüşəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər