Qırğızıstanın paytaxtı Bişkekdə təhlükəsizlik qüvvələri dövlət çevrilişi planlaşdıran silahlı şəbəkəni zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, əməliyyatlar zamanı 30-dan çox şəxs saxlanılıb, təşkilatçı və ideoloq, Xalq Cəbhəsi Partiyasının sədri Roza Nurmatova və 4 fəal həbs edilib.
Milli Təhlükəsizlik Xidmətindən verilən açıqlamada təşkilatın uzun müddətdir yaraqlıların toplanması istiqamətində fəaliyyət göstərdiyi bildirilib.
Əməliyyat zamanı təşkilati ehtiyacların maliyyələşdirilməsi və əsas vəzifəli şəxslərə ödənişlərin həyata keçirilməsi üçün yaxın vaxtlarda xarici mənbələrdən xeyli miqdarda maliyyə vəsaitinin gözlənildiyi barədə də məlumatlar əldə edilib.
Təhlükəsizlik Xidməti hakimiyyəti ələ keçirməyi planlaşdıran şəxslərin telefon danışıqlarının 1.5 dəqiqəlik audioyazısını da paylaşıb.
Səsyazısında Roza Nurmatova fəallara daha çox adam toplamağa çağırış edir:
“Dəyişiklik olacaq, yoxsa belə davam edəcək? Fikrinizi öyrənmək üçün buradayam. Necə düşünürsünüz? Hər halda qarışıqlıq olacaq. Bu durumda nə edəcəyik? Adamlarımız var. Hər bir adamın arxasında ən azı 10 nəfər var. Pul müqabilində (küçələrə) çıxmağa hazır olanlar var. Bizə gələcək insanların dəqiq sayı lazımdır”.
Türkiyə mətbuatı çevriliş planında fəthullahçı terror təşkilatının (FETÖ) iştirakını hallandırır. İddiaya görə, çevriliş cəhdini təşkil edən Xalq Cəbhəsi Partiyasının keçmiş prezident Almazbek Atambayevlə əlaqəsi var.
FETÖ ilə yaxın münasibətdə olduğu bilinən Atambayev hakimiyyətdə olduğu dövrdə Türkiyənin FETÖ-nün çevriliş edə biləcəyi xəbərdarlığını “absurd” adlandırmışdı. Məlumatda qeyd olunur ki, Atambayev dönəmində FETÖ Qırğızıstanı Orta Asiyada öz bazasına çevirib, dövlət qurumlarından tutmuş biznesə, təhsildən sənətə qədər hər sahədə öz şəbəkəsini yaradıb.