Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanın rəhbərliyində xarici siyasətdə nələrin baş verəcəyi ən çox maraq doğuran mövzulardandır.
Teleqraf.com xəbər verir ki, Türkiyənin “Sabah” qəzeti Fidanın masasında 5 prioritet dosyenin olduğunu yazır.
Prezident Rəcəb Tayyib Ərdoğanın yeni kabineti ilə “Türkiyə Əsri” (Türkiye Yüzyılı) projesinin icrasına başlanılıb. Bu çərçivədə xarici siyasət prioritetləri və prinsipləri müəyyən edilib. Prioritet Suriya, İraq, Ermənistan, Liviya və Yunanıstan olacaq.
Suriya
Qarşıdakı dövrdə iki ölkənin xarici işlər nazirlərinin görüşəcəyi gözlənilir. Bundan sonra iki ölkə prezidentlərinin görüşünə hazırlıq görülür. Türkiyə Suriyadan köçənlərin mülklərinin dövlət tərəfindən müsadirə edilməsi qaydasının ləğvini, paralel olaraq mallarının geri qaytarılmasını və qayıdanların can təhlükəsizliyinin təmin edilməsini istəyir. Türkiyənin suriyalı qaçqınların bu şəkildə göndərilməsi üçün yazılı sənəd tələbi var.
İraq
Şimali İraq kürd administrasiyası ilə mərkəzi hökumət (rəsmi Bağdad) arasında problemlər var. Türkiyə bunları həll etmək üçün addım atacaq.
Ermənistan
Ermənistan baş nazirinin (Nikol Paşinyan) andiçmə mərasimi üçün Türkiyəyə gəlişi ilə münasibətlərin yeni müstəviyə keçəcəyi gözlənilir. Türkiyənin bəzi sanksiyaları mərhələli şəkildə qaldırması kimi formulların tətbiqi məsələsi var.
Yunanıstan
Türkiyənin Yunanıstanla bir masa arxasında oturaraq bütün problemlərin müzakirə yolu ilə həll edilməsi istiqamətində addımlar atacağı gözlənilir.
Liviya
Türkiyə Liviyadakı rejimlə müxalifət arasında davam edən problemləri həll etmək istəyir.
Qərbə terror meyarları
Qərb dövlətləri ilə münasibətlərdə ən mühüm meyar Türkiyənin ərazi bütövlüyü və onu təhdid edən ünsürlərin bu ölkələrə sığınmaması olacaq. Türkiyənin gücünü Avropada yaşayan 6 milyon türkdən aldığı vurğulanacaq.