“Titanik” filminin rejissoru Ceyms Kemeron turistik “Titan” sualtı gəmisinin başına gələn fəlakəti bir neçə gün əvvəl təxmin etdiyini deyib.
Teleqraf.com xəbər verir ki, rejissor “Titan” bazar günü yoxa çıxanda bir gəmidə olduğunu və bu xəbəri səhər eşitdiyini bildirib.
Kemeron sualtı gəminin naviqasiyası və rabitəsini eyni vaxtda itirəndə bir fəlakətin baş verdiyinə əmin olduğunu söyləyib:
“Sümüklərimə qədər nə olduğunu hiss etdim. Sualtı gəminin elektron və rabitə sistemi eyni vaxtda sönür, radioötürücü cavab vermir... Onda nə baş verdiyini anladım”.
Kemeron qəzaya uğramış “Titanik”i görmək üçün 33 dəfə okeanın dibinə enib.
“Dərhal sualtı xidmətlərlə əlaqə saxladım, bir saat ərzində bu məlumatları aldım: enirdilər, 3500 metrdən 3800 metrə doğru gedirdilər”, - rejissor əlavə edib.
Kemeron bundan sonra rabitə və naviqasiyanın eyni vaxtda yoxa çıxdığını öyrəndiyini deyib: “Dağıdıcı bir şey olmasaydı, ikisini də eyni anda itirməzdiniz, bu, yüksək enerjili bir fəlakət olmalıdır. Ağlıma gələn ilk şey partlayış oldu”.
Rejissor həftənin dənizdən gələn səslər, oksigen və digər mövzular ətrafında müzakirələrlə kabusa çevrildiyini bildirib:
“Sualtı gəminin məlum dərinlikdə olacağını bilirdim, elə də oldu”.
Şimali Atlantikdə itən və “Titanik”in qalıqlarını görmək üçün yola çıxan “Titan”da olan 5 nəfərin həyatını itirdiyi açıqlanıb. ABŞ-ın Sahil Mühafizə Xidməti “Titan”dakıların sualtı gəmidə təzyiqin itməsi nəticəsində içəri doğru baş verən partlayış nəticəsində öldüklərini bildirib. Qəzanın “Titanik”in batdığı yerdən 478 metr aralıda baş verdiyi vurğulanıb.