İranın Xəzər dənizindəki “Dəmavənd” esminesi yeni raketlər və silahlarla təchiz edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İranın Xəzərdəki “əsas döyüş gəmisi” 2006-cı ildə sifariş edilib, inşası 2013-cü ildə tamamlanıb.
“İran bu dənizdən Mərkəzi Asiyadakı strategiyalarını genişləndirmək və Rusiyaya pilotsuz təyyarələr kimi silah sistemlərinin daşınmasını qorumaq üçün istifadə edə bilər”, - nəşr bildirir.
CNN-in iyunun 9-da verdiyi xəbərə görə, İranın Xəzər dənizi vasitəsilə Rusiyaya pilotsuz təyyarələr və dron zavodu üçün avadanlıqlar göndərir.
“Dəmavənd” İran donanması üçün nəzərdə tutulan “Moudge” tipli gəmilərdən biridir. Amma “Dəmavənd” 2018-ci ildə Bəndər Ənzəlidə dalğaqıranla toqquşaraq qəzaya uğramışdı. Bundan sonra təmirə göndərilib. İran esminesin 2019-cu ilin avqustunda yenidən işə salınmağa hazır olduğunu bəyan etsə də, 2020-ci ilə qədər xidmətə hazır olub-olmadığı məlum olmayıb.
İran mediasının iddiasına görə, “Dəmavənd”də gəmi əleyhinə qanadlı raketlər və 76 mm-lik silahlar var və bunların yerləşdirilməsi başa çatıb.