Fransalı siyasətçilər Prezident Emmanuel Makronu ölkəni qarışdıran etirazlar qarşısında qeyri-adekvat olmaqda günahlandıraraq, fövqəladə vəziyyətin dərhal elan olunmasını tələb ediblər.
Teleqraf.com xəbər verir ki, Milli Cəbhənin lideri Marin Le Pen bir neçə gündür ölkədə ciddi iğtişaşın hökm sürdüyünü vurğulayaraq, Makronun məsələ ilə bağlı təcili olaraq Milli Assambleyadakı partiyaların nümayəndələri ilə görüşməli olduğunu bildirib.
Le Pen etirazların dərhal dayandırılmasına çağırıb. O, hadisələrin qismən komendant saatı ilə sakitləşə biləcəyini və vəziyyətin pisləşəcəyi təqdirdə fövqəladə vəziyyətin elan edilməsinin lazım ola biləcəyini deyib.
Millətçi siyasətçi Marion Mareçal bütün şəhərlərinin yandırıldığını, fransızların baş verənlərdən narahat olduğunu və ölkədə xaosun hökm sürdüyünü bildirib.
Mareçal hökumətin aranı sakitləşdirmək üçün hər şeydən güzəştə getməyə hazır olduğunu, amma vaxt udmağa çalışdığını söyləyib. Siyasətçi Makronu qanunun aliliyini və məhkəmələrin müstəqilliyini alt-üst etməkdə ittiham edərək, Fransanın əcnəbilər tərəfindən mühasirəyə alınmasına göz yumduğunu vurğulayıb.
“Bunu demək çətin olsa da, biz hazırda vətəndaş müharibəsi vəziyyətindəyik. Bunu dayandırmağın bir yolu oturub gözləmək deyil, onun qarşısında dayanmaqdır. Təhlükəsizlik qüvvələri də müdaxilə etmək üçün kifayət qədər sursatın olmamasından şikayətlənirlər. Belə davam edərsə, Fransa vətəndaşları özlərini qorumaq vəzifəsini öz üzərinə götürəcəklər”, - Mareçal deyib.
Siyasətçi hökumətdən fövqəladə vəziyyət elan etməyi və hadisələri yatırmaq üçün təhlükəsizlik qüvvələrinə səlahiyyət verməyi tələb edib.
“Əgər hökumətin adekvat cavab verməyə cəsarəti çatmırsa, o zaman bu üsyana səssiz qalmayanlara göz yummalı olacaq”, - Mareçal vurğulayıb.