Rusiya ordusu israrla Baxmut istiqamətində hücuma keçsə də, uğur qazana bilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna qüvvələri son 24 saat ərzində bu istiqamətdə Rusiya aviasiyasının və artilleriyasının güclü atəşi altında bütün hücumları uğurla dəf ediblər. Eyni zamanda, ukraynalılar Baxmut şəhərinin cənub və şimal istiqamətlərində hücum əməliyyatlarını davam etdirirlər və azad olunan mövqelərdə möhkəmlənirlər.
Baş Qərargah bildirir ki, ümumilikdə ruslar əsas səylərini Liman, Baxmut, Avdiv və Marin istiqamətlərinə yönəldib. Ötən gün ərzində bu ərazilərdə 30 toqquşma baş verib.
Rusiya qoşunlarının Marin istiqamətində bütün hücumları dayandırılıb. Ukrayna ordusu Şaxtyorda da belə səyləri uğurla dəf edib.
Rusiya qüvvələrinin nəticəsiz səyləri Liman, Avdiv və Kupyanda da qeydə alınıb.
Ruslar Zaporoje və Xerson vilayətlərində əsas səylərini Ukrayna qoşunlarının irəliləməsinin qarşısını almağa yönəldib.
“Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyan istiqamətlərində hücum əməliyyatı keçirməyə davam edir, əldə edilmiş mövqelərdə möhkəmlənir və əks-hücum tədbirləri həyata keçirir”, - məlumatda deyilir.