Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində sıx diplomatik təmaslar keçirəcək.
Teleqraf.com xəbər verir ki, Türkiyə liderinin proqramında ABŞ Prezidenti Co Baydenlə görüş də var.
ABŞ prezidentinin müşaviri Ceyk Sallivan Bayden və Ərdoğanın sammit çərçivəsində görüşəcəyini açıqlayıb. İki liderin görüş cədvəlinin intensivliyi səbəbindən planlaşdırma üzərində bir müddət iş aparılmışdı.
Liderlərin görüşündə Türkiyənin F-16 tələbi, İsveçin NATO üzvlüyü, Rusiya-Ukrayna müharibəsi, Suriyadakı son vəziyyət və 100 milyard dollarlıq ticarət məsələsi müzakirə olunacaq.
2021-ci ilin sentyabrında Türkiyə Müdafiə Nazirliyi ABŞ-dan 40 ədəd F-16 “Block 70” qırıcı təyyarəsi və Hərbi Hava Qüvvələrinin inventarında olan F-16-ların modernləşdirilməsi üçün 70 ədəd modernizasiya dəsti tələb edib. O vaxtdan bəri Bayden administrasiyası ikitərəfli görüşlərdə dəfələrlə tələbə müsbət münasibətini bildirib. ABŞ Senatında bəzi isimlərin (yunan-erməni lobbisi) prosesi bloklaması səbəbindən hələ də həll olunmayan məsələsinin Bayden-Ərdoğan görüşündə prioritet kimi gündəmə gəlməsi gözlənilir. Ermənilər və yunanların lobbiçiliyini edən bəzi senatorlar (xüsusən də Bob Menendez) Türkiyənin tələbini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirsələr də, Ankara bu mövqeyin yanlış olduğunu vurğulayır. Türkiyə öz döyüş təyyarələrinin hazırlanmasında əldə etdiyi uğurlara görə bu alışı mütləq zərurət kimi görməsə də, müttəfiqlik münasibətləri kontekstində bu cür maneələrin olmaması lazım olduğunu dilə gətirir.
İsveçin NATO-ya üzvlüyü və alyansın genişlənməsinin gündəmdə olacağı gözlənilən görüşdə Türkiyənin terrorla mübarizə ilə bağlı haqlı narahatlığını çatdıracağı gözlənilir. Sammitin əsas gündəmi olaraq görülən Rusiya-Ukrayna müharibəsində vasitəçilik rolunu oynayan və sülhə gedən yolun təməl daşı olan Türkiyənin bu baxımdan da kritik önəmi var. Ərdoğan-Bayden görüşündə Rusiya-Ukrayna müharibəsinə də geniş yer ayrılacaq.
Digər tərəfdən, görüş zamanı Suriyadakı son vəziyyət və ABŞ-ın YPG/PYD terror təşkilatına dəstəyinin gündəmə gələ biləcəyi düşünülür. Ərdoğan və Baydenin Romadakı görüşündə qərarlaşdırılan strateji mexanizm və ticarət həcminin 100 milyard dollara çatdırılması da müzakirə mövzuları arasında olacaq.