15 İyul 2023 16:36
3 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın gəmiləri ələ keçirməsinin qarşısını almaq üçün Hörmüz boğazında F-16 qırıcılarının sayını artırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) yerli mediaya açıqlama verib.

ABŞ gəmiləri qorumaq üçün F-16-ları Bəsrə körfəzinə göndərəcək. Qırıcılar körfəzdə patrul xidməti aparan A-10 döyüş təyyarələri donanmasına kömək edəcək.

İyulun 14-də ABŞ Hərbi Dəniz Qüvvələri İranın Oman dənizində beynəlxalq sularda iki neft tankerini – “Richmond Voyager” və “TRF Moss”u ələ keçirməsinin qarşısını aldığını açıqlayıb.

İranın bu addımının ardınca ABŞ tərəfdaşları ilə birlikdə Hörmüz boğazında gəmi və təyyarələrinin patrul xidmətini artırıb.

2021-ci ildən indiyədək İran beynəlxalq sularda 20-yə yaxın ticarət gəmisinə təcavüz edib, hücum edib və ələ keçirib.

Adının çəkilməsini istəməyən yüksək rütbəli Pentaqon rəsmisi ABŞ-ın Yaxın Şərqdə Rusiya, İran və Suriya arasında əməkdaşlığın artması ilə bağlı artan narahatlığına toxunub: “Mart ayından bu yana getdikcə daha da aqressivləşən, artan əməkdaşlıq səbəbiylə Tehran, Moskva və Dəməşq Suriyadan çəkilmək üçün Amerikaya təzyiq etməyə çalışır”.

Pentaqon rəsmisi İranın Ukraynada müharibə aparan Rusiyanı dəstəklədiyini də bildirib. Onun sözlərinə görə, Tehran “Hizbullah” terror təşkilatına daha asan silah ötürmək və İsraili təhdid etmək üçün ABŞ-ın Suriyadan çıxmasını istəyir. Pentaqon rəsmisi qeyd edib ki, Rusiya bu məqsədlə İran “İslam İnqilabı Keşikçiləri Korpusu”nun “Qüds” briqadası ilə əməkdaşlığını gücləndirib. O əlavə edib ki, ABŞ Rusiyanın Suriya səmasında artan təcavüzünü aradan qaldırmaq üçün bir sıra hərbi variantları nəzərdən keçirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər