Fransa prezidenti Emmanuel Makronun yarıtmaz daxili və xarici siyasəti öz “bəhrəsini” verməkdədir. Uzun müddətdir ölkə daxilində yaşanan etirazlar indi sürətlə Fransanın vaxtilə müstəmləkəsi olan ərazilərə yayılır. İfrat dərəcədə sərt siyasət, pozulan hüquqlar, müstəmləkəçi yanaşma etirazların dalğasını genişləndirib. Fransanın fəxrlə elan etdiyi frankomaniya ideyasının da artıq nifrət doğurduğunu demək mümkündür. Keçmiş müstəmlkələrdə “Fransa” dedikdə zorakılıq, insan hüquqlarının pozulması başa düşülür.
Bu baxımdan, əminliklə deyə bilərik ki, Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə bu ölkənin uzun illərdir apardığı müstəmləkəçilik siyasətinə qarşı çıxışlar öz bəhrəsini verməkdədir. Məhz Bakıda ilk dəfə olaraq Parisin müstəmləkə və irqi ayrı-seçkilik siyasəti sərt tənqidlərə tuş gəlib - Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılıq əldə olunub. Artıq əminliklə deyə bilərik ki, Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində aparılan fikir mübadilələri nəticə verməkdədir. Proqnozlar da özünü doğruldur və tək Fransa daxilində deyil, xaricində də yarıtmaz siyasətə etirazlar artmaqdadır. Onun keçmiş müstəmləkələrində insan hüquq və azadlıqlarına biganəliyi, xüsusən də Afrikada vəhşi prinsiplərlə idarəçiliyi etirazlarla qarşılanmaqdadır. Fransa hakimiyyəti kolonializm şüurundan kənara çıxa bilmir və bu da mənfi nəticələrə gətirib çıxarmaqdadır. Orta əsr təfəkkürü ilə idarəçiliyə üstünlük verən “makronçular” ortaya çıxan problemlərə də həmin yanaşma nümayiş etdirməyə çalışırlar.
Makronun uğursuz siyasətinin nəticəsini Nigerdə dövlət çevrilişindən sonra, bu günlərdə paytaxt Niameydə Fransa səfirliyi qarşısında keçirilən nümayişdə də görmək olar. İş o yerə çatıb ki, Makron respublikaya və Nigerdəki maraqlarına qarşı hər hansı hücuma dözməyəcəyini, əks halda, Parisin “dərhal və qətiyyətlə” cavab verəcəyini bildirib. Məlumata görə, minlərlə insan binaya çıxıb, onları gözyaşardıcı qazla qovulublar. Qeyd olunur ki, etirazçılardan bəziləri içəri keçmək istəyib, bəziləri “Fransanın Nigerdəki səfirliyi” yazılmış lövhəni cırıb, yerinə Niger bayrağını taxıblar. Fransa liderinin bu aksiya ilə bağlı verdiyi bəyanat onu deməyə əsas verir ki, Paris rəhbərliyi üçüncü minillikdə orta əsr təfəkkürü ilə məsələləri həll etməyə çalışır. Onun iqtisadi mənfəətlərini kobud surətdə qorumaq istəkləri keçmiş fransız müstəmləkələrində ciddi etirazlara səbəb olur.
Yayılan məlumatlara görə, Makron sadəcə Nigerdə yaşanan qiyamlar səbəbindən bu ölkədə uran yataqlarının itirilməsindən ehtiyat edir və isterik vəziyyətə düşüb. Bu səbəbdən də Nigerdəki hərbi çevriliş Fransa üçün xoşagəlməz sürpriz olub.
Fransanın nüvə enerjisi sənayesinin lokomotivi məhz bu ölkədən əldə olunur. Özü də Fransa şirkətlərinin əldə etdiyi, tərkibində zənginləşdirilməmiş uran olan toz zəhərlidir, insan və heyvanlarda daxili orqanlara təsir edən çox ciddi xəstəliklərə səbəb olur. Amma nədənsə "Greenpeace" fəalları (Beynəlxalq ətraf mühiti mühafizə qurumu - müəl.) buna əhəmiyyət vermir.
Niger Səhiyyə və Sosial İşlər Nazirliyinin məlumatına görə, bu ölkədə hər il təxminən 10 000 xərçəngdən ölüm faktı aşkar edilir. Uran çıxarılan minerallar həmişə radium və radon kimi elementləri ehtiva edir. Buna görə də uranın özü zəif radioaktiv olsa da, çıxarılan filiz potensial təhlükə mənbəyidir. Bundan əlavə, fransalı mədənçilər 2024-cü ildən yuyulma yolu ilə imouraren yatağında filiz hasil etmək niyyətindədirlər. Uranın belə vəhşi istehsalının nəticələri özünü çox gözlətməyəcək. Qiymətsiz yeraltı su layları zəhərlənəcək. Nigerin Sahel əyalətinin quru iqlimində isə onlar həyat mənbəyidir. Buradakı su qızıla bərabərdir və heyvandarlıqla məşğul olan çoxsaylı yarımköçəri tayfalar tərəfindən istifadə olunur, suvarılan əkinçiliklə məşğul olan oturaq xalqlara lazımdır. Amma görünür, Fransa bununla hesablaşmaq fikrində deyil. Nigerdə uran hasilatı Fransa xüsusi əməliyyat qüvvələrinin mühafizəsi altındadır.
Yeri gəlmişkən, 2012-ci ildə də Fransa qoşunlarının Maliyə hücumu ilk növbədə “Orano” korporasiyasının bu ölkədə yerləşən uran yataqlarının işlənməsində maraqlı olması ilə bağlı olub. Paris Mərkəzi Afrika Respublikası və Malidə nüfuzunun itirilməsindən çox da narahat deyildi, lakin çətin ki, Nigerlə bu qədər asanlıqla ayrılsın. Hələlik üsyançıların uran yataqları ilə bağlı niyyətləri barədə heç nə məlum deyil.
Beləliklə, kolonial keçmişdən əl çəkə bilməyən Fransa ümid edir ki, zorakılıqları yatırmaqla nəyəsə nail ola biləcək. Amma bu cür siyasət hər yerdə güclü qıcıq yaradır, yerli əhalini “xərçəng” xəstəliyi hesab edilən Fransadan qurtulmağa yollar axtarmağa vadar edir.
Səslənən şüarlar da bunu deməyə əsas verir - “Fransa rədd ol”, “bizim daxili işlərimizə müdaxilə etmə” və s. Bunlar əhalinin artıq bu acınacaqlı şərtlər altında yaşamaq istəmədiyini sübut edir. Etirazların sərhədi genişlənir, tək Niameydə deyil, Mali və Seneqalda da faktiki müstəqillik uğrunda fransızlar qovulur.
Xüsusilə, vurğulamaq lazımdır ki, Malidə də Nigerdəki kimi Fransaya qarşı səsləndirilən çoxsaylı ittihamlar eyni olub. Malidə siyasi məsələlər üzrə ekspert Adama Diabatenin sözlərinə görə, Fransanın Malidə yerləşən hərbi qüvvələri problemləri həll etməkdən çox, onları yaratmaqla məşğul idi. O, xüsusi olaraq vurğulayır ki, fransız hərbi qüvvələri Malidən olan həmkarlarına separatçı və terrorçu qüvvələrə qarşı mübarizədə heç bir yardım göstərməyib. Əksinə, onlar terrorçu hərəkatlara dəstək verməklə məşğul olublar və Mali hökumətinin məsələ ilə bağlı onlarla əsaslı sübutları mövcuddur ki, onları rədd etmək mümkün deyil. Məhz Malinin Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş bu dəlilər əsasında ölkənin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasına müraciət edərək, məsələni beynəlxalq ictimaiyyət qarşısında qaldırmaq məqsədilə müraciət etmişdir. Lakin Fransa həmin iclasın keçirilməsini bu günə qədər əngəlləyir. Malinin xarici işlər naziri Abdoulaye Diop bu yaxınlarda Fransanın hərbi hissələrinin ölkədən çıxarılmasını və ölkədə təhlükəsizlik boşluğunun yaranıb-yaranmadığı sualına cavab verərək qeyd etmişdi ki, fransız hərbi qüvvələrinin ölkəni tərk etməsinin Malidə apokalipslə nəticələnəcəyini vəd edirdilər, lakin bu, baş verməyib.
Fransaya qarşı etiraz aksiyası eyni zamanda bu ölkənin keçmiş müstəmləkəsi olan Seneqalda da baş vermişdir. 31 iyul tarixində bir qrup seneqallı gənc “Fransa rədd ol! Biz Fransadan bezmişik” şüarları ilə etiraz aksiyası keçiriblər, Fransa bayrağını yandırıblar.
Görünən odur ki, Fransanın neo-kolonializm siyasətinə qarşı yönəlmiş hərəkat təkcə onun öz dənizaşırı ərazilərində deyil, eyni zamanda, keçmiş müstəmləkələrində də qaçılmaz və qarşısı alınmaz prosesə çevrilməkdədir.