Artıq Belarusda 30 mindən çox “Vaqner”çi toplaşıb, ağır silahların yer aldığı 14-cü konvoy da bu yaxınlarda ölkəyə gəlib.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı politoloq Taras Berezovets deyib.
Ekspert qeyd edib ki, bu yaxınlarda Belarusa çatan konvoyda “Vaqner” qruplaşmasının Suriya və ya Afrika ölkələrindəki düşərgələrindən gətirilən silahlar ola bilər. Bura zirehli personal daşıyıcıları, tanklar, yaylım atəşi sistemləri və sair silahlar daxildir.
“Vaqnerçilər”in gələcək mümkün addımlarına gəlincə, Berezovetsin fikrincə, variantlardan biri Ukraynaya hərbi yardımın ötürülməsi üçün istifadə olunan infrastrukturun məhv edilməsi məqsədilə Polşa və ya Litva ərazisində terror aktları ola bilər. Xüsusilə o, Polşada limanlar və hərbi obyektlər haqda məlumat toplayan xüsusi xidmət orqanlarının təlim keçmiş agenti olan Rusiya casusunun saxlanılmasını xatırladıb.
“Yəni onların məqsədləri liman, dəmir yolu infrastrukturlarının, körpülərin, anbarların, dəmir yol vağzallarının dağıdılması və sair ola bilər”, - Berzovets vurğulayıb.
Ekspert hücumun başqa istiqamətindən də danışıb:
“İkinci istiqamət kifayət qədər böyük bir qrupun sıçrayışı ola bilər: hər iki istiqamətdən - Kalininqrad vilayəti və Belarusdan “Suvalk dəhlizi” adlanan yerə. Yeri gəlmişkən, NATO bildirdi ki, məhz bu, Rusiyanın ən çox ehtimal olunan məqsədidir”.