Rusiya-Afrika Sammitində Mali və Burkina-Faso liderləri ilə eyni fotoda olmaq istəmədiyi üçün Afrika Birliyinin dönəm prezidenti Azali Assumani bu iki ölkədə “persona non-qrata” elan edilib.
Teleqraf.com xəbər verir ki, Assumaninin AB-nin prezidenti qismində avqustun 14-də Mali və Burkina Fasoya səfər edəcəyi gözlənilirdi. Son gəlişmədən sonra səfərin ləğv edildiyi məlum olub.
Sankt-Peterburqda keçirilən sammitin açılışında çəkilmiş ailə fotosunda bəzi afrikalı liderlər qiyamçı hökumət başçılarına etiraz edərək, onlarla eyni fotolarda olmaq istəməyiblər.
Assumanidən başqa, Seneqal prezidenti Maki Sall, Qvineya-Bisau Prezidenti Umaro Sissoko Embalo, Afrika Birliyi Komissiyasının sədri Mussa Faki Mahamat və Konqo Prezidenti Denis Sasou Nquesso ailə fotosunda yer almamışdı. Məlum olub ki, liderlər çevrilişlə hakimiyyətə gələn Mali Prezidenti Assimi Qoyta və Burkina-Faso Prezidenti İbrahim Traore ilə eyni fotoda olmaq istəməyiblər.