Yaponiya İran hakimiyyətini Ukraynaya qarşı müharibədə Rusiyaya silah tədarükünü dayandırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, müvafiq müraciət Yaponiya xarici işlər naziri Yosimasa Hayaşinin iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşündə edilib.
“Kyodo” agentliyinin məlumatına görə, Yaponiya İranı Rusiyanın Ukraynaya qarşı təcavüzünə konstruktiv cavab verməyə çağırıb:
“Qərb ölkələri İranın Rusiyaya PUA və döyüş sursatları kimi hərbi yardım etdiyini iddia edərkən, Tokio Tehranla ənənəvi dostluğundan müharibəni dayandırmaq üçün istifadə etməyə çalışır”.
Bundan əlavə, İranın nüvə fəaliyyətinin genişləndirilməsi məsələsi də görüşün mühüm mövzusuna çevrilib. Yaponiya ciddi narahatlığını ifadə edib və Tehranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa çağırıb. Hayaşi vurğulayıb ki, Tokio beynəlxalq nüvə sazişini (JCPOA) dəstəkləyir və Tehranı razılaşmaya qayıtmağa dəvət edir.