Ukrayna bu yaxınlarda Rusiyanın Qara dənizdəki Novorossiysk limanı yaxınlığında “Oleneqorski Qornyak” hərbi gəmisini vurmuşdu.
Teleqraf.com xəbər verir ki, türkiyəli siyasi ekspert Əray Güçlüər Qara dənizdəki son gəlişmələri dəyərləndirib.
“Ukrayna müharibəsinin cəbhələri artıq bu ölkə ilə məhdudlaşmır. Bunun əsas səbəbi Krım və Donbasdakı münaqişələrin statik xarakter almasıdır. Yəni nə Krım, nə də Donbas cəbhələri irəliləyə bilir. Gördüyümüz budur ki, Rusiya hər gün qan itirir. Rusiyanın gündəlik müharibə xərci 1 milyard dollardır. Canlı qüvvə itkisi 200 mini keçib. Belə davam edərsə, Putinin zəifləməsi və Rusiyanın dizayn edilməsinin önü açılacaq. Hər halda məqsəd budur. Ukrayna müharibəsi yorma müharibəsidir. Məqsəd Putinin gücünün zəiflədiyi, Rusiyanın ABŞ və Qərbə tabe olduğu bir zəmin yaratmaqdır. Növbəti addım Çini təcrid etmək olacaq”, - ekspert bildirib.
Güçlüər qeyd edib ki, Rusiyanın münaqişəni şimala keçirmək cəhdinə qarşı Qərb də konflikti Qara dənizə daşıdı:
“Ukrayna müharibəsi daha böyük qlobal qırılmaların izləridir. Bu, daha da genişlənəcək. Bu müharibə tezliklə bitməyəcək. “Yeni ukraynalar” görmək şansımız var. Bu kontekstdə müharibənin Qara dəniz ayağı bizim üçün önəmli hal aldı. ABŞ qüvvələri Qara dənizə girə bilmir, çünki Türkiyə Montrö sazişini icra edir. Bunun üçün Türkiyəni məcbur etdilər. Boğazda minalar döşəndi, Yunanıstanla böhran yaratmağa cəhd olundu. ABŞ tərəfindən Dədəağaca 1000 tank gətirildi. Türkiyəni keçə bilməyəndə yeni bir yol sınadılar”.
Pilotsuz təyyarələrlə rusları vurmağa başladılar. Vurulan yerlər isə Rusiya əraziləridir. Orada Novorossiysk kimi çoxlu limanlar var. Bu, Rusiyanın taxıl ixrac etdiyi ticarət limanıdır. Hədəf indi mülki hədəflərdir. Müharibə indi Qara dənizə, Rusiyanın kontinental şelfinə keçib. Bununla da Rusiyanın qitə şelfinin etibarsız olduğunu dünyaya bəyan etdilər”.
Ekspertin iddiasına görə, hər cür təxribat törədilə bilər ki, Türkiyə Rusiya ilə münasibətlərini pozsun:
“Türkiyənin kontinental şelfində Rusiyanın gəmisinə hücum cəhdi ola bilər. Xüsusilə də iki ölkə arasında münasibətləri pozmaq üçün mümkün təxribatlara qarşı çox diqqətli olmaq lazımdır. Məhz taxıl sazişinin yenilənməsi ərəfəsində. Qərb və ABŞ əslində bu razılaşmanın yenilənməsini istəmir. Çünki Rusiyaya iqtisadi təzyiqləri artırmaq istəyirlər. Ancaq Türkiyə Rusiya taxılını alıb, burada emal edərək una çevirərək dünyaya bərabər şəkildə satmaq təklifi hazırlayıb. Bu baş verərsə, Türkiyə əlavə qazanc əldə etmiş olacaq. Türkiyə qida mərkəzinə çevriləcək. Türkiyənin bu faydaları qazanmasını istəməyənlər də az deyil. Ona görə də Qara dənizdəki kontinental şelflə bağlı daha diqqətli olmalıyıq. Ola bilsin ki, ora da əlavə qüvvə ayırmaq lazımdır. Qara dənizdəki vəziyyət əvvəlkindən daha kritik bir vəziyyətə çevrilməyə başlayıb”.