Rusiya Müdafiə Nazirliyi nüfuzlu dövlət və iş adamları ilə əlaqəsi olan bəzi özəl hərbi şirkətlərə tam nəzarəti ələ ala bilmir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
ISW-nin iddiasına görə, Sergey Şoyqunun rəhbərlik etdiyi qurum xüsusən də “Konvoy” özəl hərbi şirkətini və ya qruplaşmasını ələ almaqda çətinlik çəkir. Məlumatda qeyd edilir ki, bu qruplaşmanı Rusiya dövlət bankı VTB vasitəsilə Prezident Vladimir Putinin uzun müddətdir tərəfdaşı olan Arkadi Rozenberq maliyyələşdirir. Krımın “rəhbər”i Sergey Aksyonov qrupa siyasi dəstək verir.
“Konvoy” döyüşçülərinin işə qəbulu 2022-ci ilin noyabrında başlayıb. Muzdlular ya birbaşa “Konvoy”, ya da Rusiya Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinin tərkibində olan 150-ci Motoatıcı Diviziyası ilə müqavilə bağlayırlar. Bununla belə, de-fakto qruplaşma sözügedən bölməyə tabe deyil və Ukraynada öz məsuliyyət sahəsinə və öz komanda strukturuna malikdir.
“Konvoy” Krımın Perevalne kəndində yerləşir, hazırda Xerson istiqamətində fəaliyyət göstərir.
“Konvoy” özəl hərbi şirkətinin Müdafiə Nazirliyinin komandanlığından ayrı fəaliyyət göstərməsi onu göstərir ki, Müdafiə Nazirliyi qeyri-nizami birləşmələri nizami Rusiya ordusuna inteqrasiya edə bilmir, belə bir niyyətinin olmasına baxmayaraq”, - məlumatda deyilir.