ABŞ Ukraynanı Rusiyadan, Tayvanı isə Çindən qorumaq missiyasını həyata keçirməyə çalışır. “Financial Times” qəzetində yayımlanan məqalədə Vaşinqtonun Ukrayna üçün əlavə büdcə ayırdığı və bunun bir hissəsinin Tayvanın silahlanmasına ayrıla biləcəyi yazılıb. ABŞ Konqresində bununla bağlı qərar verilməlidir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirirlər ki, Vaşinqton Çinin artan hərbi gücü qarşılığında Tayvana silah tədarükünü artırmağı planlaşdırıb:
“Konqres müvafiq qərar qəbul edərsə, Tayvan ilk dəfə olaraq xarici dövlətlərə hərbi yardım sistemi vasitəsilə silah alacaq. Tayvana ilkin mərhələdə 345 milyon dollara yaxın hərbi yardım edilməlidir. Bundan başqa, Pentaqon Tayvana insan daşına bilən hava hücumundan müdafiə sistemləri, raketlər, kəşfiyyat avadanlıqları verəcək.
Pekin Vaşinqtonun hərbi planları qarşılığında Çin ordusunu gücləndirməyə qərar verib. Çin ordusunda güclənmə tədbirləri ilə yanaşı, zabitlərin yoxlanılması da həyata keçirilir. Bu sırada Çinin raket qoşunları birliklərində yoxlamaların miqyası artıb. Görünür, hakim Çin Kommunist Partiyasının ordunun hakimiyyətə tam loyal olmasıyla bağlı ciddi şübhələri var. Qərb mətbuatının yazdığına görə, Çin lideri Si Cinpin orduya nəzarəti şəxsən rəhbərlik edir”.
Cinpin nədən ehtiyat edir?
“Atlas”ın ekspertləri qeyd edirlər ki, Çinin raket qoşunlarına komandanlıq edən ən azı 10 general barədə məlumat yoxdur:
“Financial Times” qəzeti həmin generalların son aylarda keçirilən toplantılarda iştirak etməmələrinə dair məqalə yayımlayıb. Bəzi məlumatlara görə, generalların bir qismi korrupsiya ittihamı ilə həbs olunub. Bu şübhəni “The South China Morning Post” nəşrinin (Honq Konq) son məqaləsi də artırıb. Məqalədə Çinin raket qoşunlarında təhqiqat aparıldığı yazılıb. Təhqitatın bu ilin mart ayından başladığı bildirilib.
Cinpin hakimiyyətə gəldiyi 2012-ci ildən bəri orduda korrupsiya ilə mübarizəni gücləndirib. Onun hakimiyyəti dövründə 100-dən çox general həbs olunub. Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən bu yana bu qədər çinli general heç hərb meydanlarında ölməyib”.