23 Avqust 2023 17:10
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Türkiyə sərhədindəki Qamışlıda PKK/YPG terror təşkilatı ilə təlim keçirən ABŞ-dan növbəti diqqətçəkən addım gəlib.

Teleqraf.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla PKK/YPG-nin İŞİD terrorçularının ailələrini saxladığı Suriyadakı Xol və Roj düşərgələrinə baş çəkib.

CENTCOM-dan verilən açıqlamada Kurillanın avqustun 21-də Suriyaya səfər etdiyi və adıçəkilən iki düşərgəyə getdiyi bildirilib.

Kurillanın düşərgələrin “rəhbərlik”ləri və orada saxlanılan şəxslərlə görüşünə diqqət çəkilərək, amerikalı generalın oradakı humanitar vəziyyətə, düşərgələrin təhlükəsizliyinin artırılması səylərinə və reabilitasiya proseslərinə nəzər yetirdiyi deyilib.

Kurillanın düşərgələrdə olanların öz ölkələrinə qaytarılması üçün çalışdıqlarını və bunun bölgədəki təhlükəsizlik problemlərini azaldacağı qeyd edilib.

Açıqlamada Suriyada SDQ adından istifadə edən PKK/YPG ilə əməkdaşlığın önəminə də diqqət çəkilərək, Kurillanın bu terror təşkilatının liderləri ilə də görüşdüyü bildirilib.

CENTCOM komandiri bir neçə ay əvvəl də Suriya səfərində terrorçularla görüşmüşdü. Kurilla onlarla görüşündə Türkiyənin Suriya əməliyyatının qarşısının alınmalı olduğunu vurğulamışdı.

“Buradakı gərginliyi azaltmaq və Türkiyənin hücumunun qarşısını almaq üçün edə biləcəyimiz hər şey çox vacibdir”, - general demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər