Gürcüstan hökuməti Prezidenti Salome Zurabişvilinin Avropa turnesini ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə gürcü hökumətindən “Sputnik Gürcüstan”a məlumat verilib.
Gürcüstan prezidentinin bu gün Almaniyaya planlaşdırılan səfərindən yazılı şəkildə imtina olunduğu bildirilir. Bundan əlavə, Zurabişvilinin avqust-dekabr ayları arasında daha doqquz səfəri də ləğv edilib.
Söhbət Ukrayna, İsveçrə, Polşa, Belçika, Danimarka və Birləşmiş Ərəb Əmirliklərinə işgüzar, Bolqarıstan, Çexiya və İsrailə rəsmi səfərlərdən gedir.
“Salome Zurabişviliyə xatırladırıq ki, Gürcüstan Konstitusiyasına görə, prezident ölkəni xaricdə yalnız hökumətin razılığı ilə təmsil edir, çünki ölkənin xarici siyasətinin həyata keçirilməsi hökumətin vəzifəsidir”, - açıqlamada deyilir.