Afrikadakı son çevrilişlər qitədə qanlı müstəmləkə keçmişi olan Fransaya qarşı etiraz dalğasını gücləndirib. Qitə xalqları Fransanı və onun buradakı hərbi mövcudluğunu istəmədiklərini daha yüksək səslə ifadə edirlər.
Teleqraf.com xəbər verir ki, Britaniyanın “Middle East Eye” saytı qitədəki son hadisələrin işığında Türkiyənin Afrikadakı varlığına diqqət çəkib.
Fransanın qitədəki nüfuzunun sarsıldığını qeyd edən sayt “Türkiyə bundan faydalana bilərmi” sualının cavabını da verib. Mənbə bildirib ki, Sahil bölgəsi Niger və Qabondakı son çevrilişlərdən sonra siyasi təlatümə yuvarlanıb, xarici müdaxilə təhlükəsi artdıqca iğtişaşlar daha da genişlənir.
Məqalədə 2020-ci ildən bəri Mali, Çad, Sudan, Qvineya, Burkina Faso, Niger və ən son Qabonda hərbi çevrilişlər və ciddi siyasi xaosun yaşandığı xatırladılıb.
“Middle East Eye” bu gəlişmələrdən sonra Fransa əleyhdarlarının hərəkətə gəldiyini yazıb:
“Ankara uzun müddətdir hadisələri yaxından izləyir. Türkiyə strateji olaraq anti-müstəmləkəçilik ritorikasından öz xeyrinə istifadə etdi, Fransadan fərqli olaraq Afrika ilə münasibətlərində özünü təmiz tarixə malik bir ölkə kimi göstərdi. Hətta Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni “Afro-Avrasiya” ölkəsi təqdim edib. Bütün bu münasibət fransız siyasətçilərini əndişələndirir”.
Sayt qeyd edib ki, Türkiyə uzun müddətdir Afrika qitəsi ilə daha sıx əlaqələr qurmaq istəyirdi. Mənbə Ərdoğan dönəmində güclənən münasibətlərin həm də hərbyönlü olduğunu, Türkiyənin Liviya və Somalidə bazalarının olduğunu xatırladıb.
Sayt Türkiyənin bir çox Afrika ölkələri ilə hərbi təlimlərinə də diqqət çəkib.
Türkiyənin qitədəki mövcudluğu ilə bağlı təhlilin davamında bu ifadələr də yer alıb:
“AKP hökuməti dövründə Türkiyənin Afrikadakı səfirliklərinin sayı 12-dən 43-ə yüksəlib. Türk Hava Yolları qitədəki xidmət məntəqələrinin sayını 61-ə çatdırıb. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 22 ofis açıb.
Ankaranın mədəni təsirini 26 Afrika ölkəsində 175 məktəb açan Maarif Vəqfi daha da gücləndirib. 6000-dən çox afrikalı tələbə Ankaranın verdiyi təqaüdlərlə Türkiyədə təhsil alır”.
Digər tərəfdən, Türkiyənin Afrikadakı bəzi ölkələrə PUA, zirehli texnika və silahlar verdiyi, qitə ilə hərbi əlaqələrin Ankara üçün potensial inkişaf sahəsi olduğu bildirilib.
Afrika siyasəti ilə bağlı ekspert rəylərinin də yer aldığı məqalədə qeyd olunub: “Türkiyə hazırda “gözlə-gör” siyasəti yürüdür”.