25 Sentyabr 2023 11:46
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ bütün tərəfdaşlarına silah satmır. Türkiyə NATO çərçivəsində Amerikanın strateji tərəfdaşı sayılsa da, Vaşinqton Ankaranın hərbi təyyarələr almaq istəyini illərdir uzadır. ABŞ hətta Rusiya ilə müharibə aparan Ukraynaya belə hərbi təyyarə satışını son ana qədər uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri hesab edirlər ki, müharibə başlayan kimi Ukraynanın əlində F-16 təyyarələri olsaydı, Rusiya bu ölkənin hava məkanında mütləq üstünlüyə malik olmazdı:

“Bu arada, ABŞ Prezidenti Co Bayden Vyetnama hərbi texnika satmağı planlaşdırır. Halbuki Vyetnam “soyuq müharibə” illərində keçmiş SSRİ-nin tərəfdaşı idi. ABŞ 1960-1970-ci illərdə Vyetnamda müharibədə iştirak edib, bu ölkəyə tonlarla bomba atıb, nəticədə yüzminlərlə insan həlak olub. SSRİ həmin illərdə Vyetnam kommunistlərinə silah və hərbi texnika göndərirdi. Kommunist rejiminin hakim olduğu Vyetnam SSRİ-nin varisi Rusiya ilə sıx münasibətlərə malikdir. Buna baxmayaraq, Vaşinqton keçmiş düşməni Vyetnamla hərbi sahədə əməkdaşlığıa üstünlük verib.

Vaşinqtonun məqsədi Vyetnamı Çin və Rusiyadan uzaqlaşdırmaqdır. “Röyer”in məlumatına görə, Vaşinqton Vyetnama F-16 qırıcı təyyarələr satacaq. Halbuki Amerika bu təyyarələri heç yaxın tərəfdaşlarına satmır. Vyetnamın bu təyyarələrə ehtiyacı var. Çünki Vyetnamın Çinlə müxtəlif sahələrdə münasibətlərinin olmasına baxmayaraq, Hanoy Pekinin regional siyasətindən narazıdır. Vyetnam Çinin dənizlərdə hərbi gücünü artırmasını özü üçün “təhlükə” kimi qiymətləndirir. Vyetnam əlindəki Rusiya silahlarını daha modern Amerika silahları ilə əvəzləmək istəyir. Vyetnam Amerikadan hərbi texnika və F-16-lar alsa, Rusiya və Çinin bu ölkəyə qarşı münasibəti dəyişəcək”.

Təhlildə vurğulanır ki, Tayvan adası ətrafında da vəziyət gərgindir:

“ABŞ Tayvana müasir silahlar göndərməkdə davam edir. Pekin Amerikanı Çinin daxili işlərinə qarışmaqda ittiham edir. Amerika Tayvanla hərbi təlimlərinin sayını artırıb. Tayvan isə əksinə, Çinin bölgədə artan hərbi təlimlərindən narahatdır.

Tayvan rəsmiləri “Röyter”ə verdikləri açıqlamalarda Çinin hərbi təlimlərinin bölgədə müharibə riskini artırdıqlarını deyiblər. Çinin dənizlərdə təlimləri Yaponiyanı da narahat edir. Çin təlimlərinin bir qismini Yaponiyanın adaları yaxınlarında həyata keçirir. “Kyodo” agentliyinin məlumatına görə, Çinin hərbi gəmiləri tez-tez Yaponiyanın dəniz ərazilərinə daxil olurlar. Çin Yaponiyaya aid bir qisim adanı “mübahisəli” sayır və ona görə həmin istiqamətdə hərbi gəmilərinin sayını artırıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər