Niger Fransa təyyarələrinin ölkənin hava məkanına daxil olmasını qeyri-müəyyən müddətə qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Afrika və Madaqaskar Hava Təhlükəsizliyi Agentliyi (ASECNA) məlumat verib.
Məlumatda deyilir ki, Niger Fransa təyyarələrinin ölkənin hava məkanı üzərində uçuşunu qadağan edib. Eyni zamanda, Nigerin hava məkanının Fransa istisna olmaqla bütün yerli və beynəlxalq kommersiya uçuşları üçün açıq olduğu bildirilib.
Nigerin hava məkanı avqustun 6-da bütün kommersiya və mülki uçuşlar üçün bağlanıb, sentyabrın 4-də isə yenidən açılıb.
İyulun 26-da Nigerdə hakimiyyəti ələ keçirən hərbi xunta Fransanın Niameydəki səfiri Silvan İteyə avqustun 25-də ölkəni tərk etməsi üçün 48 saat vaxt verib, amma o. Nigeri tərk etməyib.
Paris xuntanın Fransa səfirinin ölkədən getməsini tələb edə biləcək bir qurum olmadığını açıqlamışdı. Bundan sonra Niger Xarici İşlər Nazirliyi Parisə göndərdiyi notada səfir İttenin toxunulmazlığının götürüldüyünü və onun deportasiya ediləcəyini açıqlayıb. Notanın ardından Fransanın Niameydəki səfirliyi ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb və səfirliyə daxil olan və çıxan avtomobillər Niger təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılmağa başlayıb. Eyni şəkildə, paytaxtda fransız hərbçilərinin yerləşdiyi 101-ci hava bazası ətrafında da təhlükəsizlik gücləndirilib.
Nəhayət, dünən Prezident Emmanuel Makron Silvan İttenin bir neçə saat sonra Fransaya qayıdacağını və fransız hərbçilərinin ilin sonuna qədər Nigeri tərk edəcəyini açıqlayıb.