Belarus Prezidenti Aleksandr Lukaşenko bir ildən sonra ordusunun müasir müharibə üçün lazım olan silahlara sahib olacağına söz verib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı Belarusun aktiv müdafiə taktikasını seçdiyini deyib.
“Müasir döyüş təcrübəsini tam mənimsəmişik. Gələn ilin ortalarına qədər bizə lazım olan hər şey tam həcmdə olacaq: rabitə, kəşfiyyat, dronlar, xüsusən də zərbə silahları, aktiv müdafiə vasitələri. Əlbəttə, müdafiə üçün. Amma həm də lazım gələrsə, hər an hücuma keçmək üçün”, - Lukaşenko bildirib.
Belarus lideri nüvə silahından istifadə edə biləcəklərini də hamıya xatırladıb:
“Bu gün əlimizdə olan daha güclü silahlardan danışmırıq. Minlərlə tank almayacağıq, amma həmişə qəbuledilməz zərər vurmaq imkanımız var. Yəni Belarusa hücum etməzdən əvvəl cavabın onlar üçün qəbuledilməz olacağını düşünəcəklər”.
Bu ilin yayında Rusiyanın Belarusda nüvə silahları yerləşdirməsi haqda məlumat yayılmışdı.