İordaniya Kralı II Abdullah nə ölkəsinin, nə də Misirin fələstinli qaçqınları qəbul edəcəyini bildirib və bunu “qırmızı xətt”i elan edib.
Teleqraf.com xəbər verir ki, Berlində Almaniya Kansleri Olaf Şolzla görüşən kral bəzi şübhəlilərin yerdə faktlar yaratmağa çalışdıqlarını deyib.
“Nə İordaniyada, nə də Misirdə qaçqın olacaq”, - Abdullah bildirib.
Abdullah Təl-Əvivin İsrail ordusunun şimalda gözlənilən quru hücumundan əvvəl qəzzalıları zolağın cənubuna getmək, Misirlə “Rəfah” sərhəd-keçid məntəqəsinin yaxınlığından təxliyə etmək çağırışlarına istinad edib.
HƏMAS-ın keçmiş siyasi lideri Xalid Məşəl dünən qəzzalıların nə olur-olsun zolağı tərk etməyəcəklərini və onların köçürülməsinin Misirin milli təhlükəsizliyinə zərər vuracağını və İordaniya üçün təhlükə yaradacağını söyləyib. Onun sözlərinə görə, fələstinlilərin qonşu ölkələrə kütləvi köçü Qərbi Şəriyə üçün də presedent yarada bilər.
Buna baxmayaraq, Misirin Qəzzada münaqişədən qaçan məhdud sayda mülki vətəndaşı qəbul etməyə hazırlaşdığı barədə məlumatlar var.